ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı yeni açıqlamalar verib.
Tramp bildirib ki, Çin və Pakistanın vasitəçilik təşəbbüsündən sonra Tehranla danışıqlara yenidən şans verilib və hazırda tərəflər arasında dərin müzakirələr aparılır.
ABŞ Prezidenti xəbərdarlıq edib ki, qısa müddətdə nəticə əldə olunmasa, Vaşinqton genişmiqyaslı hərbi əməliyyatlara qayıdacaq.
“İranla danışıqlar yaxşı gedir. Nəticə əldə etmək ehtimalı yüksəkdir. Ancaq diplomatiyaya çox vaxt verməyəcəyəm”, – deyə Tramp bildirib.
O, həmçinin regional vasitəçilərin müraciətindən sonra əvvəlki hücumların dayandırıldığını qeyd edərək, bununla ABŞ-ın heç nə itirmədiyini və qazanmadığını söyləyib.
Trampın sözlərinə görə, İran məsələsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə yalnız kiçik fikir ayrılıqları var, lakin ümumi mövqeləri bir-birinə yaxındır.
Xatırladaq ki, ABŞ və İran arasında əldə olunmuş nüvə və sülh razılaşması sonradan qarşılıqlı hərbi zərbələr səbəbindən faktiki olaraq qüvvədən düşüb. Gərginliyin yenidən artmasına Hörmüz boğazında gəmiçiliyə dair fikir ayrılıqları da təsir göstərib.

