İran Prezidenti Məsud Pezəşkian hakimiyyətdə olmasının ikinci ildönümündə bildirib ki, ölkə 1979-cu il İslam İnqilabından sonrakı ən ağır dövrlərdən birini yaşayır.
Pezəşkian dövlət mediasına müsahibəsində deyib ki, beynəlxalq sanksiyalar artıq təkcə ticarət məhdudiyyətləri ilə kifayətlənmir, İranın bank və maliyyə sistemini də hədəfə alır.
Onun sözlərinə görə, hərbi və təhlükəsizlik sahəsində artan təzyiqlər ölkədə vəziyyəti daha da mürəkkəbləşdirib.
İran prezidenti bildirib ki, xarici qüvvələr İranın bir neçə gün ərzində məğlub edilə biləcəyini düşünüblər, lakin İran xalqının müqaviməti və iradəsi bu planların qarşısını alıb.
Pezəşkian vurğulayıb ki, iranlıların birliyi ölkənin xarici təzyiqlərə qarşı əsas dayağıdır.
O, həmçinin mərhum ali rəhbər Ayətullah Əli Xameneinin hökumətinə dəstək verdiyini, yeni ali rəhbər Müctəba Xameneinin isə ölkənin əsas güc mənbələrindən biri olaraq qaldığını bildirib.
İran prezidenti əlavə edib ki, ölkə ictimai həmrəylik, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və elmi-texniki potensiala investisiyalar hesabına xarici təzyiqləri dəf etməyə davam edəcək.
“Bütün çətinliklərə baxmayaraq, İran bu gün güclü və ləyaqətli dövlətdir”, – deyə Pezəşkian vurğulayıb.

