İran ABŞ-ni Omanla Hörmüz boğazına dair razılaşmanın imzalanmasına mane olmaqda ittiham edib.
İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani bildirib ki, Tehran Hörmüz boğazından təhlükəsiz istifadəni təmin etmək məqsədilə Omanla danışıqlara başlayıb. Lakin onun iddiasına görə, Vaşinqtonun Maskata təzyiqi razılaşmanın imzalanmasını gecikdirir.
Diplomatın sözlərinə görə, razılaşma əldə edilənə və atəş tam dayandırılana qədər Hörmüz boğazındakı mövcud vəziyyət dəyişməyəcək.
Ruzbehani ABŞ-nin boğaza nəzarət etmək istəyini də qəbuledilməz adlandırıb. O bildirib ki, regiondakı dəniz ərazilərinin idarə edilməsi Fars körfəzinin sahilyanı dövlətlərinə aid olmalıdır.
Bu arada İran və Oman arasında danışıqlar davam edir. Tərəflər müvəqqəti naviqasiya dəhlizi və boğazın minalardan təmizlənməsi üzərində işləsələr də, yekun saziş hələ təsdiqlənməyib.

