İrana Hörmüz boğazından ticarət gəmilərinin keçidi üçün yeni qaydalar nəzərdə tutan saziş təklif edilib.
The Wall Street Journal yazır ki, plana əsasən, gəmilər Fars körfəzinə İranın ərazi suları vasitəsilə daxil olmalı, geri qayıdarkən isə Oman sularından istifadə etməlidirlər. Keçid zamanı hər hansı rüsumun tutulmaması nəzərdə tutulur.
Nəşrin məlumatına görə, Tehran isə gəmilərdən keçid haqqı toplamaq hüququ, hücumların yenidən başlamayacağına dair təminat, ABŞ-nin dəniz blokadasının aradan qaldırılması və İran neftinə tətbiq edilən sanksiyaların yumşaldılmasını tələb edib.
ABŞ və bəzi Yaxın Şərq ölkələri keçid rüsumu tətbiq olunması tələbini rədd edib. Onlar İran tərəfindən təhlükə yaranmayacağına dair təminat istəyirlər.
Mənbələr bildiriblər ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəzi nümayəndələri vasitəçilərə Tehranın Hörmüz boğazına nəzarət hüququ olmadan heç bir razılaşmaya getməyəcəyini çatdırıblar.
Saziş əldə edilərsə, növbəti mərhələdə qarşılıqlı anlaşma memorandumunun yenidən qüvvəyə minməsi müzakirə oluna bilər. Pakistan isə İran və ABŞ arasında yeni danışıqlar raunduna ev sahibliyi etməyi təklif edib.

