İstifadəçiyə gözlənilmədən göndərilən fayl onun təhlükəli ola biləcəyini göstərən əsas əlamətlərdən biridir.
Proqram mühəndisi, mürəkkəb texniki sistemlərin etibarlılığı və təhlükəsizliyi üzrə ekspert Aleksey Turulin “Lenta.ru”ya açıqlamasında zərərli faylları müəyyən etməyə kömək edən əsas əlamətləri sadalayıb.

Ekspertin sözlərinə görə, gözləmədiyiniz halda göndərilən hesab-faktura, foto, CV və ya digər sənədləri dərhal açmaq olmaz. Mesajın məzmunu əvvəlki yazışmaya uyğun gəlmirsə, bu da şübhə doğurmalıdır.
Faylı yükləməzdən əvvəl onun tam adına baxmaq tövsiyə olunur. Zərərli proqramlar bəzən ikiqat uzantıdan istifadə edilməklə adi sənəd və ya foto kimi göstərilir. Məsələn, “Hesab.pdf.exe”, “Foto.jpg.scr” və ya “CV.docx.js” kimi fayllar təhlükəli ola bilər.
Faylın ikonunun adi foto və ya sənəd kimi görünməsi də onun təhlükəsiz olduğunu göstərmir. Buna görə sistem parametrlərində fayl uzantılarının tam göstərilməsi məsləhət görülür.
Ekspert xüsusilə .exe, .msi, .scr, .com və .cpl kimi icra olunan fayllara və quraşdırıcılara diqqət yetirməyi tövsiyə edib. .js, .vbs, .ps1, .bat, .cmd və .lnk faylları da zərərli kodun işə salınmasına səbəb ola bilər.
Android cihazlarında .apk, macOS-da isə .dmg və .pkg faylları müəyyən hallarda risk daşıya bilər. Makrolardan istifadə edən .docm, .xlsm və .pptm formatlı ofis sənədlərinə də ehtiyatla yanaşmaq lazımdır.
Təhlükəli fayllar .zip və .rar arxivlərinin içərisində də gizlədilə bilər. Xüsusilə məktubda arxivin parolunun ayrıca göstərilməsi şübhə doğura bilər, çünki parolla qorunan arxivlərin avtomatik antivirus yoxlamasından keçirilməsi çətinləşir.
Bununla belə, ekspert vurğulayıb ki, təkcə faylın uzantısı onun zərərli olduğunu sübut etmir. Faylın hansı mənbədən gəldiyi, gözlənilib-gözlənilmədiyi, proqramın rəqəmsal imzası və sistemin verdiyi təhlükəsizlik xəbərdarlıqları birlikdə nəzərə alınmalıdır.
Fırıldaqçılar zərərli əlavələri çox vaxt bank bildirişi, hesab-faktura, CV, foto və ya video adı altında göndərirlər. “Bu gün ödəniş edin”, “hesabınız bloklanacaq”, “adınıza kredit rəsmiləşdirilib”, “bu fotodakı sizsiniz?” və “sənədi günün sonunadək imzalayın” kimi ifadələrlə istifadəçidə qorxu, maraq və ya təcililik hissi yaratmağa çalışırlar.
Antivirusu söndürmək, makroları aktivləşdirmək və ya sistemin təhlükəsizlik xəbərdarlığını nəzərə almamaq tələb olunursa, bu, xüsusilə ciddi təhlükə siqnalıdır.
Göndərənin elektron poçt ünvanını da diqqətlə yoxlamaq lazımdır. Bankın və ya tanınmış şirkətin adının göndərən hissəsində görünməsi məktubun həqiqətən həmin qurumdan gəldiyinə zəmanət vermir. Saxta domen rəsmi ünvandan cəmi bir hərflə fərqlənə bilər.
Ekspert əlavə edib ki, hətta tanış şəxsdən gələn fayla da avtomatik etibar etmək olmaz, çünki onun hesabı ələ keçirilmiş ola bilər. Tanışınız heç bir izah vermədən gözlənilmədən arxiv və ya proqram göndəribsə, faylı açmazdan əvvəl onunla başqa rabitə vasitəsilə əlaqə saxlayaraq bunu dəqiqləşdirmək tövsiyə olunur.

