Sumqayıt şəhərində bir neçə ərazidə yol örtüyünün çökməsi ciddi problemlərə səbəb olub.
“Denmedia.az” xəbər verir ki, şəhərin müxtəlif nöqtələrində ümumilikdə 5 yerdə çökmə hadisəsi baş verib.
Bəzi ünvanlarda vəziyyət daha kritiktir. Yolun tam yararsız hala düşməsi səbəbindən avtomobillərin hərəkəti məhdudlaşdırılıb, hətta bəzi istiqamətlərdə yollar müvəqqəti olaraq bağlanıb.
Hadisə yerində artıq aidiyyəti qurumlar tərəfindən operativ tədbirlər görülməyə başlanılıb. Ərazilərdə qazıntı və təmir işləri aparılır, çökmənin səbəbləri araşdırılır və infrastrukturun bərpası istiqamətində işlər davam etdirilir.
Məsələ ilə bağlı Sumqayıt Su Kanal İdarəsindən verilən məlumata görə, baş verən hadisələr əsasən son günlər normadan artıq yağan intensiv yağışlarla əlaqədardır.
Hazırda çökmə şəhərin Hacı Salayev, Babək, Sahil, Çerkassi küçələrində və Koroğlu Prospektində qeydə alınıb.
Bildirilib ki, güclü yağıntı nəticəsində yeraltı kommunikasiya xətlərində yüklənmə yaranıb və bu da torpaq qatının zəifləməsinə, nəticədə yol örtüyünün çökməsinə səbəb olub. Qurumdan onu da qeyd ediblər ki, hazırda problemli ərazilərdə vəziyyət nəzarət altındadır və aradan qaldırılması üçün zəruri işlər görülür. Təmir-bərpa prosesinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır.
NİZAMİ RƏSULOV
Denmedia.az

