Avstriyada uçuş zamanı təyyarə paraplançı qadınla toqquşub. Bu barədə Kronen Zeitung qəzeti məlumat yayıb. Hadisə Tsell-am-Ze kommunası yaxınlığında, səmada baş verib.
Nəşrin məlumatına görə, Cessna 172 təyyarəsi 44 yaşlı idmançının paraşütünü zədələyib, bundan sonra qadın düşməyə başlayıb. İlkin məlumata əsasən, hava gəmisi Alp dağları üzərində baxış uçuşu həyata keçirirmiş. Sükan arxasında olan 28 yaşlı pilot toqquşmadan yayına bilməyib.
Bildirilir ki, paraplançı qadın manevr etməyib və düz trayektoriya üzrə hərəkət edib. Hadisədən sonra təyyarə Tsell-am-Ze aeroportuna təhlükəsiz eniş edib. Qadın isə ehtiyat paraşütdən istifadə etməyə macal tapıb və müstəqil şəkildə yerə enib. Nəticədə o, yüngül xəsarətlər alıb.

