Belçikada NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanlığının qərargahında Çin əsilli Kanada vətəndaşı casusluq şübhəsi ilə saxlanılıb. Bu barədə RTBF məlumat yayıb.
Bildirilib ki, qadın üçüncü ölkənin xeyrinə casusluqda və cinayətkar təşkilatda iştirakda şübhəli bilinir.
O, qərargahda təcrübəçi kimi çalışıb. Lakin konkret olaraq hansı vəzifələri yerinə yetirdiyi açıqlanmayıb.
Casusluq işləri Belçikanın Federal Prokurorluğunun yurisdiksiyasına daxil olduğundan quruma dərhal məlumat verilib. Araşdırma Şarlerua şəhərinin Federal Məhkəmə Polisinə həvalə olunub.
Faktla bağlı casusluq və cinayətkar təşkilatda iştirak ittihamları üzrə cinayət işi açılıb. Şübhəlinin evində və iş yerində axtarışlar aparılıb.

