Böyük Britaniyanın paytaxtı Londonda Palestine Action hərəkatına dəstək məqsədilə keçirilən etiraz aksiyasında 117 nəfər polis tərəfindən saxlanılıb.
Aksiya Vestminster Magistrat Məhkəməsinin binası qarşısında baş tutub. Etirazçılar daha əvvəl terrorizmlə mübarizə qanununu pozmaqda ittiham edilən hərəkat üzvlərinə qarşı irəli sürülən ittihamların ləğvini tələb ediblər.
Böyük Britaniya Daxili İşlər Nazirliyi 2025-ci il iyulun 5-də Palestine Action hərəkatını qadağan olunmuş təşkilatlar siyahısına daxil edib. Bu təşkilata üzvlük, onun tədbirlərində iştirak və ya fəaliyyətinə hər hansı dəstək göstərilməsi 14 ilədək həbs cəzası ilə nəticələnə bilər.
Qadağadan sonra ölkədə keçirilən dəstək aksiyalarında 3 mindən çox şəxs saxlanılıb, 700-dən çox nəfərə isə ittiham irəli sürülüb. Hərəkat qadağanın ləğvi üçün məhkəmə mübarizəsini davam etdirir.

