Türkiyədə bir müddət “Adana Demirspor” klubunda çıxış edən, son olaraq isə “Bandırmaspor”un formasını geyinən futbolçu Tolqa Kalender 25 yaşında həyatını itirib.
Türkiyə mətbuatının məlumatına görə, gənc futbolçunun vəfatı idman ictimaiyyətində böyük kədərə səbəb olub.
“Adana Demirspor” klubu keçmiş futbolçusunun ölümü ilə əlaqədar başsağlığı mesajı yayımlayıb.
“Klubumuza uzun illər xidmət etmiş, formamızı böyük fədakarlıqla daşımış keçmiş futbolçumuz Tolqa Kalenderin vəfatını dərin hüznlə öyrəndik”, – deyə klubun açıqlamasında bildirilib.

Açıqlamada futbolçunun mavi-tünd göy forma altında göstərdiyi əzmkarlığın və klub üçün verdiyi töhfələrin daim xatırlanacağı vurğulanıb.
Futbolçunun ölümündən sonra şəxsi həyatı ilə bağlı kədərli məqam da üzə çıxıb.
Məlum olub ki, Tolqa Kalender 2026-cı il iyulun 31-də Çiğdem Kalenderlə ailə həyatı qurub. Beləliklə, gənc futbolçu evləndikdən iki ay keçməmiş həyatını itirib.

Onun vaxtsız vəfatı ailəsi, həyat yoldaşı və futbol ictimaiyyətində dərin kədərə səbəb olub.
Futbolçunun cənazəsi sentyabrın 23-də ikindi namazından sonra Adanadakı Kabasakal qəbiristanlığında dəfn ediləcək.

