Meksikada keçmiş gözəllik kraliçası Karolina Flores Qomezin qətli ilə bağlı istintaq şokedici detalları üzə çıxarıb. Hadisəyə görə əsas şübhəli kimi onun qayınanası Erika Maria göstərilir.
27 yaşlı Karolina Flores Qomez aprelin 16-da evində başından güllə yarası almış vəziyyətdə tapılıb. Onu xilas etmək mümkün olmayıb. Qadının həyat yoldaşı Alexandro baş verənlərə görə öz anasını ittiham edib.
İstintaq müəyyən edib ki, kişi hadisə barədə polisə dərhal məlumat verməyib.
Araşdırma zamanı əldə edilən müşahidə kamerası görüntüləri isə hadisənin gedişini açıq şəkildə göstərir. Aprelin 15-də Qomez qayınanasına su gətirmək üçün mətbəxə gedir. Erika Maria onun arxasınca daxil olur və bir qədər sonra atəş səsi eşidilir.
Görüntülərdə Alejandronun uşağı qucağında otağa qaçaraq anasına “niyə bunu etdin?” deyə qışqırdığı görünür. Qadın isə “o məni əsəbiləşdirirdi, sən mənimsən, o səni əlimdən aldı” cavabını verir.
Hadisədən sonra Alexandro polisə yalnız növbəti gün müraciət edib. Bu vaxta qədər isə Erika Maria artıq qaçmağa müvəffəq olub.
Qurbanın yaxınları bildirir ki, qayınana ilə gəlin arasında münasibətlər uzun müddətdir gərgin idi. Münaqişə xüsusilə Qomez hamilə qaldıqdan sonra daha da kəskinləşib.
Karolina Flores Qomez 2017-ci ildə, 17 yaşında olarkən “Miss Aşağı Kaliforniya” yeniyetmə kateqoriyasında qalib olmuşdu.

