ABŞ-ın Aydaho ştatında dörd universitet tələbəsinin qətlinə görə ömürlük həbs cəzası alan Brayan Koberger əvvəlki etirafından geri çəkilərək günahsız olduğunu bildirib və işə yenidən baxılmasını tələb edib.
People jurnalının məlumatına görə, Koberger 2026-cı ilin iyulunda məhkəməyə müraciət edərək etiraf razılaşmasının ləğvini istəyib. O, vəkillərinin onu yanlış məlumatlandırdığını, təzyiq göstərdiyini və müdafiəni lazımi səviyyədə həyata keçirmədiyini iddia edib.
Hadisə 2022-ci ilin noyabrında Aydaho Universitetinin yaxınlığındakı kirayə evdə baş verib. Kaylee Goncalves, Madison Mogen, Xana Kernodle və Ethan Chapin bıçaqlanaraq öldürülüb. İstintaq zamanı hadisə yerində Kobergerin DNT-si ilə əlaqələndirilən sübutlar və müşahidə kameralarının görüntüləri əldə edilib.
Koberger 2025-ci ilin yayında ölüm hökmündən yayınmaq üçün təqsirini etiraf etmiş və şərti azadlığa buraxılma hüququ olmadan dörd ömürlük həbs cəzası almışdı. İndi isə o, həmin etirafın könüllü olmadığını iddia edir.
Yeni müraciətlə bağlı yekun məhkəmə qərarı hələ verilməyib.

