Fransız mətbəxinin məşhur desertlərindən biri olan Taten piroqunun yaranması maraqlı bir səhvlə başlayıb. Rəvayətə görə, Fransanın bir vilayətində kiçik mehmanxana işlədən Taten bacılarından biri alma piroqu hazırlayarkən almaları karameldə təsadüfən artıq bişirib. Səhvi düzəltmək üçün almaların üzərini xəmir ilə örtərək sobaya qoyub. Beləliklə, sonradan dünyanın ən məşhur desertlərindən birinə çevrilən Tarte Tatin yaranıb.
Bu desert bu gün dünyanın ən yaxşı restoranlarında təqdim olunur və əslində onu hazırlamaq adi şarlotkadan daha asandır. Əsas sirr isə ondadır ki, xəmirin ideal formada olması vacib deyil – hətta qeyri-bərabər kəsilmiş xəmir də piroqun gözəlliyini pozmur.

Hazırlanması:
Əvvəlcə formanı saxlayan sərt almalar seçmək lazımdır. Bunun üçün ən yaxşı seçim “Antonovka” və ya “Qrenni Smit” sortlarıdır, çünki onların turş dadı karamelin şirinliyini balanslaşdırır.
-
6 iri alma soyulur
-
tum hissəsi çıxarılır
-
hər alma yarıya və ya iri olarsa dördə bölünür
Dilimlərin simmetrik olması vacibdir, çünki piroq çevriləndə məhz bu almalar desertin üst hissəsini təşkil edəcək.
Sonra sobaya qoyula bilən tava götürülür. Çuqun tava bunun üçün ideal sayılır.
Tavanın dibinə
-
150 qram şəkər səpilir
-
orta odda qızdırılır
Şəkər kənarlardan əriməyə başlayacaq və şəffaf hala gələcək. Rəngi tünd çay rənginə çatanda üzərinə kub şəklində doğranmış 50 qram kərə yağı əlavə olunur.

Karamel qaynayaraq köpüklənəcək, amma tava yüngül hərəkətlərlə çevrilərək yağ karamellə qarışdırılır. Nəticədə parlaq və hamar karamel kütləsi alınır.
Daha sonra almalar qabarıq tərəfi aşağı olmaqla karamellə dolu tavaya sıx şəkildə düzülür. Boşluq qalmaması vacibdir. Ocaq zəif odda saxlanılır və almalar təxminən 15 dəqiqə karameldə bişirilir ki, şirəsini buraxsın və karamellə hopunsun.
Bu vaxt hazır qat-qat xəmir (mayasız olması daha yaxşıdır) tavanın diametrindən bir qədər böyük dairə formasında açılır. Xəmir çəngəllə bir neçə yerdən deşilir ki, buxar çıxa bilsin.
Xəmir almaların üzərinə qoyulur və kənarları içəriyə doğru qatlanır.
Tava 180 dərəcəyə qədər qızdırılmış sobaya qoyulur və təxminən 25 dəqiqə, xəmir qızarana qədər bişirilir.
Piroq sobadan çıxarıldıqdan sonra 10 dəqiqə gözlədilir ki, karamel bir qədər qatılaşsın. Daha sonra tava böyük boşqabla örtülür və bir hərəkətlə çevrilir. Nəticədə üstü kəhrəba rəngində parlayan karamelli almalarla örtülmüş piroq əldə edilir.
Deserti isti halda və mütləq bir top plombir dondurması ilə təqdim etmək tövsiyə olunur. İsti piroqla soyuq dondurmanın kontrastı desertə xüsusi dad verir.
Məsləhət
Almaların hazır olub-olmadığını yoxlamaq üçün bıçaq istifadə etməyin. Sadəcə spatula ilə dilimə yüngül basın – o, elastik olmalı, lakin dağılmamalıdır.
Əgər çevirdikdən sonra tavada bir az karamel tavada qalıbsa, tavanı qısa müddət ocağa qoyun, karamel ərisin və onu piroqun üzərinə tökün – bu desertə əlavə parıltı verəcək.
Qida dəyəri (100 qram üçün)
-
Kalori – 245 kkal
-
Zülal – 2.8 q
-
Yağ – 12.4 q
-
Karbohidrat – 30.1 q

