Söhbət zamanı qarşı tərəf sözünüzü kəsirsə və ya sizi demonstrativ şəkildə dinləmirsə, səsi yüksəltmək və daha sürətli danışmağa çalışmaq ən böyük səhvlərdən biridir.
Peşəkar teatr və kino aktrisası, rejissor Viktoriya Mustafina NEWS.ru-ya açıqlamasında bildirib ki, belə vəziyyətdə insanın nəbzi sürətlənir, nəfəsi dəyişir və emosiyalar arqumentləri kölgədə qoya bilər.
Onun sözlərinə görə, qarşı tərəfi “üstələmək” üçün daha yüksək səslə danışmaq səsin nəzarətdən çıxmasına və arqumentlərin zəifləməsinə gətirib çıxarır.
Mütəxəssis belə vəziyyətdə ilk olaraq susmağı və 2–3 saniyəlik fasilə verməyi tövsiyə edir. Sakit şəkildə həmsöhbətə baxmaq, düz dayanmaq və çiyinləri boş saxlamaq özünəinam təəssüratı yaradır.
Mustafinanın fikrincə, qısa sükut bəzən sözlərdən daha təsirli olur və sözünüzü kəsən şəxsin davranışını fərq etməsinə şərait yaradır.

