Ağır məktəb çantası daşımaq skoliozun yaranmasının əsas səbəbi deyil. Bu barədə NEWS.ru-ya “Gemotest” laboratoriyasının eksperti Yekaterina Demyanovskaya bildirib.
Mütəxəssisin sözlərinə görə, onurğa problemlərinin yaranmasında çox vaxt irsi amillər və fiziki aktivliyin azlığı daha mühüm rol oynayır.
“Düzgün seçilmiş və uzun müddət daşınmayan çanta öz-özlüyündə skolioza səbəb ola bilməz. Bu xəstəlik adətən anadangəlmə xüsusiyyətlər, irsi faktorlar, maddələr mübadiləsi və ya sinir-əzələ pozuntuları ilə əlaqəli olur”, – Demyanovskaya bildirib.

Ekspert əlavə edib ki, ortopedik amillər də əhəmiyyət daşıyır. Bunlara yatmaq üçün uyğun olmayan döşəyin seçilməsi, fiziki məşqlərin olmaması və nəticədə bel əzələlərinin zəifləməsi daxildir.
Bununla belə, mütəxəssis ağır yükün uzun müddət beldə daşınmasının tamamilə zərərsiz olmadığını vurğulayıb.
Ağır çantanın uzun müddət daşınması qaməti və yerişi müvəqqəti dəyişə, əzələlərin qeyri-bərabər gərginləşməsinə səbəb ola bilər. Daimi və ya qeyri-bərabər yük isə əzələ-tonik sindromun inkişafına gətirib çıxara bilər.

