Məşhur müğənni Gülben Ergen haqqında sosial şəbəkədə etdiyi paylaşım səbəbilə “ictimaiyyəti çaşdıran məlumatın açıq yayılması” maddəsi ilə istintaq başladılıb. O, bu çərçivədə ifadə vermək üçün Bakırköy Ədliyyəsinə gəlib.
Hadisə Fatmanur Çelik və qızı Hiranın ölümü ilə bağlı paylaşımından sonra baş verib. Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məsələ ilə bağlı prokurorluğa müraciət edib.
Gülben Ergen təxminən bir saat ifadə verdikdən sonra açıqlama edib.

“Sosial mediada bir paylaşım etdim, bir ananın çağırışı ilə. Ramazan ayında onu evində ziyarət etdim. Amma indi o ana və qızı artıq həyatda deyil”, — deyə Gülben Ergen bildirib.
O qeyd edib ki, istintaq zamanı suallar ona nəzakətlə verilib və o da baş verənləri ətraflı şəkildə izah edib.

“Çox üzgünəm, çox qırılmışam. Amma gördüklərimi və yaşadıqlarımı diqqətlə izah etdim”, — deyə o əlavə edib.
Müğənni bildirib ki, qadınlar və uşaqlarla bağlı həssaslığı bundan sonra da davam edəcək.
“Bu mövzuda həssaslığım artaraq davam edəcək. Amma hazırda üzgün və qırılmışam”, — deyə Gülben Ergen vurğulayıb.
İfadədən sonra o, ədliyyə binasını tərk edib.

