Sumqayıt Şəhər İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, STP Şirkətlər Qrupunun birgə təşkilatçılığı və Milli Məclisin deputatı Mehriban Vəliyevanın təşəbbüsü ilə Muğam mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş “Uğurlu qadın olmağın sirri” adlı şəhər tədbiri keçirilib.
“Den.az” xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Milli Məclisin deputatları Tahir Mirkişli, Elnarə Akimova, Səbinə Salmanova, Zaur Şükürov, STP Şirkətlər Qrupunun nümayəndələri, həkimlər, müəllimlər, sumqayıt ictimaiyyəti iştirak ediblər.
Foyedə qonaqlar üçün sərgi nümayiş etdirilib, tədbir Ulu öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən uğrunda şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri açan Milli Məclisin deputatı Mehriban Vəliyeva Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqda məlumat verib, onun timsalında uğurlu Azərbaycan qadınının daşıdığı dəyərlərin gənc nəslə nümunə olacağı barədə danışıb. STP şirkətlər qrupunun “Zərif mühəndislər” və “Sabahın gücü” layihələrinin iştirakçıları olan xanım mühəndislərin layihə çərçivəvində fəaliyyətlərindən söhbət açıb. Zərifə xanım Əliyevanın timsalında uğurlu olmağın sirlərinin zəhmət, sədaqət və insanlara böyük məhəbbətdən keçdiyini vurğulayıb. Layihə çərçivəsində xanımlarımıza uğurlar arzulayıb.
Çıxışdan sonra Zərifə xanım Əliyeva haqda videoçarx nümayiş etdirilib.
Tədbirin qonağı professor Dilarə Seyidzadə Ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini bölüşüb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Zərifə xanım Əliyevanın fəaliyyəti, oftalmologiya sahəsində uğurları və xanımlarımıza nümunə olacaq həyatı barədə danışıb. Onun ideyalarının layiqli davamçılar tərəfindən uğurla həyata keçirilməsi, ailə institutunun inkişafında mənəvi dəyərlərə sadiqliyin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.
Milli Məlisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb.
Tədbir panel iştirakçılarının müzakirəsi ilə davam edib. Panel öncəsi “Sabahın gücü” layihəsinin məzunu Nərgiz Qafarova çıxış edərək layihə və bugünkü tədbir haqqında məlumat verib, daha sonra isə gənclərin suallarını panel iştirakçılarına təqdim edib. Paneldə Deputatlar Səbinə Salmanova, Elnarə Akimova və Prezident təqaüdçüsü, əməkdar məllim Ofelya Babayeva, Əməkdar həkim Təranə Rəcəbli iştirak edərək sualları cavablandırıblar.
Yekunda isəə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək Zərifə xanım Əliyeva haqqında məlumat verib. Azərbaycan xanımlarının uğurunda Zərifə xanımın məktəb olacaq rolu haqda danışaraq gənc nəslə tövsiyyələrini verib.
Tədbir Bədii hissə ilə davam etdirilib.
Nizami Rəsulov
Den.az