Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın Lints şəhərində işgüzar səfərdədir.
Den.az xəbər verir ki, səfərin əsas məqsədi 2009-cu ildən mövcud olan Sumqayıt–Lints əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və Avstriyanın aparıcı sənaye mərkəzlərindən biri olan Lintsin şəhər idarəçiliyi və sənaye potensialı ilə yaxından tanışlıq olub.
Səfər çərçivəsində Zakir Fərəcov Lints şəhərinin meri Dietmar Prammerlə, həmçinin şəhərdə fəaliyyət göstərən müxtəlif sənaye şirkətlərinin nümayəndələri ilə məhsuldar görüşlər keçirib. Görüşlərdə Sumqayıt və Lints şəhərlərinin hər ikisinin sənaye yönümlü olması diqqətə çatdırılıb, gələcəkdə ortaq layihələrin həyata keçirilməsi üçün geniş imkanların mövcudluğu vurğulanıb. İki şəhər arasında sənaye, innovasiya, ekoloji infrastruktur və urbanizasiya sahələrində əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Səfərdə Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov da iştirak edib. Nümayəndə heyəti Lints şəhərinin yerli özünüidarəetmə sistemi ilə yaxından tanış olub. Əsas diqqət bələdiyyələrin fəaliyyət sahələrinə — yaşıl zonaların genişləndirilməsi, məhəllədaxili abadlıq, kommunal xidmətlərin təşkili (su təchizatı, tullantıların idarə olunması, küçə işıqlandırması və s.), vətəndaş iştirakçılığı və sosial rifah layihələrinin icrasına yönəlib.
Görüşlər zamanı Sumqayıt nümayəndə heyəti Lints modelinin bir çox məqamlarını faydalı təcrübə kimi qiymətləndirib. Hər iki tərəf gələcəkdə bələdiyyələrarası əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin reallaşdırılması və qarşılıqlı rəsmi səfərlərin davam etdirilməsi barədə razılığa gəlib.
Bu səfər Sumqayıtın beynəlxalq əlaqələrinin genişlənməsi, şəhər idarəçiliyində qabaqcıl təcrübələrin öyrənilməsi və sənaye sektorunun inkişafına dəstək baxımından mühüm əhəmiyyət daşıyır.