Xəbər verdiyimiz kimi 2025-ci il mayın 13-dən etibarən, Almaniyanın Lüdviqshafen şəhərindən Azərbaycana təşkil olunan vətəndaş səfəri çərçivəsində 22 nəfərlik nümayəndə heyəti qardaş şəhər Sumqayıta gəlib.
Den.az xəbər verir ki, Almaniyalı qonaqların şərəfinə Sumqayıt şəhər Muğam Mərkəzində möhtəşəm bir konsert proqramı təşkil edilib.
Konsertdə Lüdviqshafen şəhərinin Tikinti və Ətraf Mühit üzrə mer müavini Aleksandr Tevald və onun nümayəndə heyyəti, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə və müəssisə rəhbərləri, eləcə də şəhər ictimaiyyəti iştirak ediblər.
Konsertdə müxtəlif musiqi nömrələri təqdim olundu. Azərbaycanın milli musiqi alətlərinin sədaları altında qonaqlar unudulmaz anlar yaşadılar. Bu cür tədbirlər iki şəhər arasında mədəniyyət mübadiləsini və dostluq əlaqələrini daha da gücləndirir.
Sumqayıt və Lüdviqshafen arasındakı münasibətlər, müxtəlif sahələrdə əməkdaşlıq və qarşılıqlı səfərlərlə daha da inkişaf etdirilir. Bu səfər, gələcəkdə daha çox birgə layihələrin həyata keçirilməsinə zəmin yaradır.
Səfər çərçivəsində nümayəndə heyəti Sumqayıt şəhərinin iqtisadi, sosial və mədəni həyatını yaxından tanımaq imkanı əldə edəcək. Bu cür təşəbbüslər, beynəlxalq dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfə verir.
Səfər çərçivəsində nümayəndə heyəti Sumqayıtdan sonra Azərbaycanın digər bölgələrinə, o cümlədən Naxçıvan Muxtar Respublikasına səfərlər edəcək, ölkənin tarixi-mədəni irsi ilə yaxından tanış olacaqlar.