29 yaşlı əfqan əsilli Rəhmanullah Lakanval, Ağ Evin yaxınlığında Milli Qvardiya hərbçilərinə atəş açmaqda şübhəli bilinən şəxs, öz vətənində ABŞ hökuməti, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlıq edib. Bu barədə qurumun direktoru Con Retklif məlumat verib.
Retklif bildirib:
“Baydenin qoşunları Əfqanistandan fəlakətli şəkildə çıxarmasından sonra, atıcının 2021-ci ilin sentyabrında ABŞ-a daxil olması onun əvvəllər ABŞ hökuməti — o cümlədən MKİ ilə Kandahardakı tərəfdaş qüvvələr tərkibində gördüyü işlərə görə mümkün olub.”
Reuters yazır ki, Lakanval ABŞ-a xüsusi proqram çərçivəsində gətirilib. Bu proqram, müharibə dövründə amerikalılara yardım edən və Taliban tərəfindən təqib olunmaqdan qorxan əfqanlar üçün nəzərdə tutulub. Ümumilikdə bu proqramla ABŞ-a 70 min nəfərdən çox insan köçürülüb.
Kolumbiya dairəsinin prokuroru Janin Pirronun sözlərinə görə, Lakanval ABŞ-da həyat yoldaşı və beş övladı ilə birlikdə Vaşinqton ştatının Bellinqhem şəhərində yaşayırdı. Hadisədən əvvəl o, maşınla ölkəni qərbdən şərqə doğru keçərək paytaxta gəlib.
Hazırda ona qəsdən adam öldürməyə cəhd maddəsi üzrə ittiham irəli sürülüb. Prokurorun sözlərinə görə, əgər yaralı Milli Qvardiya hərbçilərindən kimsə həyatını itirsə, ittiham birinci dərəcəli qətl maddəsinə dəyişdiriləcək.
ABŞ baş prokuroru Pəm Bondi isə Fox News kanalına açıqlamasında deyib:
“Lakanvala qarşı terrorçuluq ittihamı irəli sürüləcək və hökumət onun üçün ən azı ömürlük həbs cəzası tələb edəcək.”

