ABŞ administrasiyası Venesuelanın müvəqqəti hakimiyyətini neft hasilatının artırılmasına icazə verilməzdən əvvəl yerinə yetirilməli olan tələblər barədə məlumatlandırıb. Bu barədə mənbələrə istinadən ABC News xəbər verir.
Telekanalın mənbələrinin bildirdiyinə görə, Vaşinqton Karakasdan Çin, Rusiya, İran və Kuba ilə iqtisadi əlaqələri kəsməyi, həmçinin bu ölkələri “ölkədən çıxarmağı” tələb edir. Bundan əlavə, Venesuelaya neft sahəsində yalnız ABŞ-la əməkdaşlığa razılaşmaq və ağır neftin satışında amerikalılara üstünlük vermək təklif olunur.
Mənbələr, həmçinin bildiriblər ki, 5 yanvar tarixində qanunvericilər üçün keçirilən qapalı brifinqdə ABŞ dövlət katibi Marko Rubio Venesuelaya qarşı təzyiqlərin gücləndirilə biləcəyini bəyan edib. Onun sözlərinə görə, ölkənin neft tankerləri artıq doludur və ehtiyatlar satılmasa, Karakasın maliyyə dayanıqsızlığına qədər cəmi bir neçə həftəsi qala bilər.

