Vatikanın dövlət katibi (hökumət başçısı) kardinal Pietro Parolin Vaşinqton administrasiyasından Venesuelaya qarşı əməliyyata tələsməməyi xahiş edib ki, respublikada destabilizasiya və qan tökülməsi baş verməsin. Bu barədə 10 yanvar tarixində The Washington Post məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, kardinal dekabrın sonlarında ABŞ-ın Vatikandakı səfiri Brian Burch ilə görüşərək Vaşinqtonun Venesuela ilə bağlı planlarını soruşub və ABŞ-ın ölkədə hakimiyyət dəyişikliyi məqsədi güdüb-güdmədiyini aydınlaşdırmağa çalışıb. Məqalədə qeyd olunur ki, Parolin bir neçə gün ərzində ABŞ dövlət katibi Marco Rubio ilə əlaqə yaratmağa cəhd edib və Venesuelada qan tökülməsinin və vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışıb.
Materialda bildirilir ki, Parolin ABŞ prezidenti Donald Trump administrasiyasından Venesuela lideri Nicolas Maduroya ölkəni tərk etməyi təklif etməyi və onu bu qərarı qəbul etməyə səbirli şəkildə təşviq etməyi istəyib. WP-nin versiyasına görə, Parolin Berçə Maduronun Rusiyada sığınacaq ala biləcəyini də deyib.
Məqalədə həmçinin Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bu məsləhətləşmələrlə bağlı şərhi yer alıb:
“Milad dövründə baş tutmuş söhbətin məzmununu dəqiq əks etdirməyən, məxfi danışıqlardan parçaların açıqlanması məyusedicidir.”
Nəşr iddia edir ki, ABŞ, o cümlədən vasitəçilər vasitəsilə, Maduronun Venesuelanı tərk edərək Türkiyəyə getməsi ehtimalını da müzakirə edib.

