ABŞ prezidenti Donald Tramp sanksiyalar altına düşən və Venesuelaya doğru hərəkət edən bütün neft tankerlərinin blokadaya alınacağı barədə xəbərdarlıq edib. O, həmçinin Venesuelada mövcud hakimiyyəti xarici terror təşkilatı kimi tanıdığını açıqlayıb.
“Bu gün mən Venesuelaya və Venesueladan çıxan, sanksiyalara məruz qalan bütün neft tankerlərinin tam blokadası barədə əmr verirəm,” — Tramp Truth Social sosial şəbəkəsində yazıb.
ABŞ lideri bildirib ki, Venesuela rejimi ABŞ aktivlərinin oğurlanması, terrorizm, narkotik qaçaqmalçılığı və insan alveri səbəbilə xarici terror təşkilatı elan olunub.
Tramp vurğulayıb ki, ABŞ-ın Venesuela ətrafındakı hərbi fəaliyyəti, həmin ölkə “ABŞ-dan oğurlanan bütün neft, torpaq və digər aktivləri geri qaytarana qədər” gücləndiriləcək.
“Amerika cinayətkarlara, terrorçulara və ya başqa ölkələrə ölkəmizi talamağa, hədələməyə və ya zərər vurmağa imkan verməyəcək. Həmçinin düşmən rejimin bizim neftimizə, torpağımıza və digər aktivlərimizə sahib çıxmasına yol verilməyəcək — bunlar dərhal ABŞ-a qaytarılmalıdır,” — deyə Tramp əlavə edib.

