Aya ilk ayaq basan insan Nil Armstronqun uşaqlığının keçdiyi ev təxminən 40 ildən sonra ilk dəfə satışa çıxarılıb.
Associated Press yazır ki, ABŞ-nin Ohayo ştatının Vapakoneta şəhərində yerləşən evin qiyməti 430 min dollar müəyyən edilib.
1908-ci ildə tikilən binada Armstronq yeniyetməlik illərində təyyarə modelləri hazırlayıb, aerodinamik təcrübələr aparıb və ilk pilotluq dərslərinə hazırlaşıb. O, 16 yaşında pilot lisenziyası alıb, təxminən iki onillik sonra isə ilk kosmik uçuşunu həyata keçirib.
Evin hazırkı sahibi, keçmiş tarix müəllimi Karen Mayksell binanı 1988-ci ildə alıb və onun tarixi görünüşünü qorumağa çalışıb. O, burada indiyədək 9 astronavtı, o cümlədən “Apollo-11” missiyasının üzvü Bazz Oldrini qonaq edib.
Evdə Ay proqramına aid fotoşəkillər və “Apollo-11” ekipajının üzvləri tərəfindən təqdim olunan xatirə əşyaları saxlanılır.
Binanın rəsmi qorunan abidə statusu yoxdur. Buna baxmayaraq, sahibi yeni alıcının evin tarixi görünüşünü qoruyacağına və ya onu Armstronq Aviasiya və Kosmos Muzeyi Fonduna verəcəyinə ümid etdiyini bildirib.

