Venesuelanın Barinas ştatında yerləşən INJUBA həbsxanasının məhbusları islah müəssisəsinin ərazisini ələ keçirərək tətil elan ediblər. Bu barədə Venesuela Həbsxanalarına Nəzarət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, həbsxana mayın 24-də məhbusların nəzarətinə keçib.
Məlumata görə, aksiyada müəssisədə saxlanılan 1200-dən çox kişi və 100-dən artıq qadın iştirak edir. Etiraz səhər saatlarında Venesuela himninin oxunmasından sonra başlayıb. Narazılığa səbəb təxminən bir həftə əvvəl həbsxanaya Elvis Makuare Gerreronun yeni direktor təyin edilməsi olub.
Təşkilat iddia edir ki, rəhbərlik dəyişdikdən sonra müəssisədə sərt axtarışlar aparılıb, məhbuslara qarşı zorakılıq və işgəncə halları baş verib. 120-dən çox məhbus isə təcridxanaya salınıb.
Məlumata görə, həbsxana direktoru müəssisənin qüllələri istiqamətində atəş açıb. Daha sonra məhbusların bir qismi damlara çıxıb, bəziləri isə döşəkləri yandırıb.
Təşkilat nümayəndələri bildirirlər ki, mühafizəçilər və yeni direktor etiraz edən məhbuslara atəş açıblar. Yaralıların olduğu deyilsə də, onların sayı açıqlanmır.
Həmçinin qeyd olunur ki, məhbusların yaxınları Venesuela Milli Qvardiyasının həbsxana ərazisinə daxil olmasına mane olmağa çalışıblar, lakin buna nail ola bilməyiblər. Güc strukturları əraziyə daxil olduqdan sonra şahidlər atəş və partlayış səsləri eşidiblər. Qadın korpusuna qarşı gözyaşardıcı qaz tətbiq edilib.

