Qax rayonundan olan gənc istedad Çiçək Hümbətli bu il keçirilən ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək adından söz etdirməyi bacarıb.
O, maksimum 700 baldan 697.5 bal toplayaraq respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlər sırasında yer alıb. Bu nəticə onun böyük əzmi və məqsədyönlü çalışmasının parlaq sübutudur.
Çiçək Den.az-a açıqlamasında bildirib ki, O , Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmaq fikrindədir. Onun arzusu – gələcəkdə prokuror olmaqdır. Maraqlıdır ki, bu yol təkcə Çiçəyin şəxsi seçimi deyil, həm də atasının illərlə qəlbində yaşatdığı bir arzudur.
“Çox həyəcanlı idim. Ancaq imtahandan çıxanda artıq hiss edirdim ki, mən qalibəm. Tam əmin olandan sonra çox sevindim. Niyədə yox. Axı atamın arzusunu reallaşdırıram.”
Anası Aygün Hümbətova isə deyib ki, Çiçək artıq orta məktəb illərindən seçilən, məsuliyyətli və intizamlı bir şagird olub. Onun uğurunun arxasında təkcə zəhmət deyil, müəllimlərinin və xüsusilə atasının mənəvi dəstəyi dayanır.
Qeyd edək ki, bu uğur, eyni zamanda, bölgə gənclərinə nümunə ola biləcək bir hekayədir. Göstərir ki, istedad, zəhmət və ailə dəstəyi bir araya gəldikdə, ən yüksək nəticələr qaçılmaz olur.
Hazırda Çiçək Hümbətli yeni bir mərhələyə qədəm qoyur. Bakı Dövlət Universitetində hüquq təhsili alaraq gələcəyin hüquqşünası kimi yetişmək və cəmiyyətdə ədalət mübarizəsinin önündə olmaq istəyir. Onun arzusu – bir gün atasının fəxrlə deyəcəyi “Qızım prokurordur” cümləsini reallığa çevirməkdir.