Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Təbiət Elmləri Təmayüllü Gimnaziya həm respublika, həm də beynəlxalq miqyaslı intellektual yarışlarda qazandığı silsilə qələbələrlə Azərbaycan təhsilinin qabaqcıl müəssisələrindən biri olduğunu növbəti dəfə sübut edib.
Bu barədə Denmedia.az-a sözü gedən təhsil müəssisəsinin rəhbəri Nizami Əhmədov bildirib.
Belə ki, 18 oktyabr 2025-ci il tarixində Azərbaycan Texniki Universitetində Azərbaycan proqramlaşdırma müsabiqələrinin banisi, “Şöhrət” ordenli görkəmli alim Ramin Mahmudzadənin anadan olmasının 90 illik yubileyinə həsr edilən “R.M. 90” proqramlaşdırma müsabiqəsi keçirilib və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Sumgait Innovation HUB, eləcə də ICPC Azerbaijan icmasının təşkilatçılığı ilə baş tutan bu mötəbər yarışda gimnaziyanın 11b sinif şagirdi Süleymanzadə Əli ən yüksək nəticəni göstərərək fəxri I yerə layiq görülüb.
Gənc istedadların üzə çıxarılması və gələcək texnoloji liderlərin yetişdirilməsi məqsədi daşıyan bu uğurlu başlanğıcın ardınca, 10–14 yanvar tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunan XXII Beynəlxalq Jautikov Olimpiadasında (IZHO) Azərbaycanı təmsil edən komandanın tərkibində riyaziyyat fənni üzrə gimnaziyanın XI sinif şagirdi Davud Tarverdili dünya səviyyəli rəqibləri ilə mübarizədə bürünc medal qazanaraq məktəbin beynəlxalq nüfuzunu daha da yüksəldib.
Gimnaziyanın intellektual potensialı 30 yanvar 2026-cı ildə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə yayımlanan məşhur "Əlaçı" televiziya layihəsində də öz təsdiqini tapıb; belə ki, 11c sinif şagirdi Nəzərova Nuray bütün mərhələləri uğurla keçərək verilişin qalibi seçilib və fəxri "Əlaçı" adını qazanaraq həm özünün, həm də təhsil aldığı ocağın adını uca tutub. Beynəlxalq uğurların coğrafiyası bununla bitməyib, 6-8 fevral 2026-cı il tarixlərində Ruminiyada müxtəlif ölkələrdən yüzlərlə istedadlı gəncin qatıldığı beynəlxalq məktəblərarası proqramlaşdırma müsabiqəsi onlayn formatda keçirilib və iki gün davam edən gərgin strateji mübarizədə gimnaziyanın 10b sinif şagirdi Cəfərzadə Mərd yüksək bilik və bacarıq nümayiş etdirərək III yerə layiq görülmüş, ölkəmizə növbəti nailiyyəti qazandırmışdır.
Bütün bunlarla yanaşı, tədris ili ərzində gimnaziyanın onlarla digər şagirdi KINGS, AMC, SASMO, AMO, FISO və TIMO kimi dünyanın ən nüfuzlu elm platformalarında fəal iştirak edərək çoxsaylı qızıl, gümüş və bürünc medallar əldə ediblər ki, bu da Təbiət Elmləri Təmayüllü Gimnaziyada tətbiq olunan yüksək keyfiyyətli təhsil metodikasının, pedaqoji kollektivin fədakar əməyinin və şagirdlərin elmə olan sarsılmaz bağlılığının parlaq təzahürüdür.





