Fransa hakimiyyəti qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin Parisdəki mənzili ilə bağlı araşdırmanı yenidən aktivləşdirdikdən sonra onun Fransadakı cinayətləri üzrə yeni zərərçəkənlər barədə məlumat əldə edib.
Bu barədə Gazeta.ru Paris prokuroru Lor Bekkoya istinadən məlumat yayıb. Prokuror bu haqda RTL radiostansiyasının efirində danışıb.
Onun sözlərinə görə, ABŞ-da “Epşteyn faylları”nın dərcindən sonra prokurorluq mümkün zərərçəkənləri əlaqə saxlamağa və ifadə verməyə çağırıb. İlin əvvəlindən bu çağırışa 20-dən çox şəxs cavab verib.
Onlardan bəziləri bizə digər işlər üzrə artıq məlum idi. Amma biz əvvəllər ümumiyyətlə tanımadığımız yeni zərərçəkənləri də aşkarladıq. Onların sayı təxminən 10 nəfərdir,
— deyə Bekko bildirib.
Prokuror qeyd edib ki, Paris prokurorluğu hazırda daxil olan məlumatları yoxlayır və ifadələr toplayır. Bu prosesə ölkə xaricində yaşayan şəxslərin ifadələri də daxildir.
Bundan sonra hüquq-mühafizə orqanları şübhəlilərin dindirilməsinə və toplanmış sübutların təhlilinə başlamağı planlaşdırır.
Fransız müstəntiqlər Epşteyn işi üzrə təxminən 1,5 milyon sənəddən ibarət böyük material bazasını araşdırırlar. Onlar maliyyəçinin Fransadakı mümkün vasitəçilərini müəyyən etməyə çalışırlar. İstintaq həmin şəxslərin insanların tapılması və onun adasına göndərilməsi prosesində iştirak edib-etmədiyini araşdırır.

