ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında paylaşım edərək Hörmüz boğazına nəzarətin ABŞ-ın əlində olduğunu bildirib və İranın hərbi imkanlarının böyük ölçüdə sıradan çıxarıldığını iddia edib.
Tramp paylaşımında ABŞ-ın Hörmüz boğazı üzərində “tam nəzarətə” sahib olduğunu və bu nəzarətin davam etdiriləcəyini qeyd edib. O, ABŞ-ın tətbiq etdiyi dəniz blokadasını “polad divar” adlandıraraq İranın buna qarşı müqavimət göstərə biləcək vəziyyətdə olmadığını söyləyib.
ABŞ Prezidenti İranın donanmasının və hava qüvvələrinin olmadığını, İnqilab Keşikçiləri Korpusunun isə ağır itkilər verərək geri çəkildiyini iddia edib.
Tramp İranın iqtisadi vəziyyəti ilə bağlı da sərt fikirlər səsləndirib. Onun iddiasına görə, İranın pulu yoxdur və ölkədə inflyasiya 300 faizə çatıb. Tramp iqtisadi vəziyyətin daha da pisləşdiyini bildirib.

Paylaşımının sonunda Tramp belə yazıb: “Yaxın Şərqin qoçusu artıq yoxdur. Allaha həmd olsun.”
Trampın bu ifadələri sosial mediada geniş müzakirələrə səbəb olub. Onun “İran artıq yoxdur” sözləri ilə ölkənin hərbi gücünü, yoxsa mövcud hakimiyyəti nəzərdə tutduğu mübahisə mövzusuna çevrilib.
Bundan əlavə, Trampın İranla bağlı sərt siyasi və hərbi açıqlamasını “Allaha həmd olsun” ifadəsi ilə tamamlaması da diqqət çəkib.

