Fələstinin HƏMAS hərəkatı vasitəçilərə və Qəzza üzrə Sülh Şurasına müraciət edərək İsrailə təzyiq göstərilməsini istəyib.
Hərəkat İsrailin Qəzzada atəşkəs razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və sülh planının ikinci mərhələsinə keçməyə məcbur edilməsini tələb edib.
“Vasitəçiləri və Sülh Şurasını İsraili Qəzza üzrə razılaşmadakı öhdəliklərini yerinə yetirməyə və onun ikinci mərhələsinin həyata keçirilməsi planını təsdiqləməyə məcbur etməyə çağırırıq”, – HƏMAS-ın Misirin Əl-Alameyn şəhərində keçirilən danışıqlardan sonra yaydığı bəyanatda bildirilib.
HƏMAS təklif olunan yol xəritəsi ilə razı olduğunu açıqlayıb, lakin planın detalları açıqlanmayıb.
Al Arabiya telekanalının mənbələrinə görə, HƏMAS nümayəndə heyəti ABŞ prezidentinin kürəkəni Cared Kuşnerlə görüş zamanı Qəzzadakı tərəfdarlarının silahlarının saxlanılmasına nail olmağa çalışıb. Vaşinqton isə silahların anklavdan çıxarılmasını tələb edir.
Danışıqlarda Misir, Qətər və Türkiyədən vasitəçilər, həmçinin Qəzza üzrə Sülh Şurasının yüksək səviyyəli nümayəndəsi Nikolay Mladenov iştirak edib.

