ABŞ-ın Saqino şəhərində 58 yaşlı qadın iki il saxlandığı əsirlikdən qaça bilib.
MLive xəbər verir ki, 15 mart tarixində polisə vandalizm şikayəti daxil olub. Bildirilib ki, bir qadın evin pəncərəsini sındırıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları isə həddindən artıq arıqlamış qadınla qarşılaşıb.
Qadın bildirib ki, əsirlikdən yeni qaçıb və diqqət cəlb etmək üçün pəncərəni qəsdən sındırıb.
Onun sözlərinə görə, 2024-cü ilin martından etibarən mərhum qardaşının həyat yoldaşı — Taşa Bimon tərəfindən zirzəmidə saxlanılıb. O, vaxtının çoxunu döşək üzərində, daim işləyən radionun yanında uzanaraq keçirib, çox nadir hallarda qida və su verilib, ehtiyaclarını isə vedrəyə ödəməyə məcbur olub.
Qadın qeyd edib ki, adətən evdə kimsə olurdu, lakin 15 martda evdə tək qalmasından istifadə edərək qaçmağa nail olub.
Polis zirzəmidə yerə qoyulmuş döşək, yüksək səslə işləyən radio və içində 23 litr sidik olan vedrə aşkar edib.
Zərərçəkən təcili xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır dərəcədə tükənmə kimi qiymətləndirərək tibbi yardım olmasa yaşaya bilməyəcəyini bildiriblər.
2 aprel tarixində Taşa Bimon saxlanılıb və günahını etiraf edib. İlkin məlumata görə, o, qadını ona məxsus sosial ödənişləri mənimsəmək məqsədilə əsir saxlayıb.

