ABŞ-ın Nyu-Cersi ştatında bir evdə üç nəfərin meyitinin tapılması ilə bağlı aparılan araşdırmanın detalları açıqlanıb. Məlum olub ki, 61 yaşlı David Grodnick həyat yoldaşı Lora Grodnick və 24 yaşlı qızı Sloane Grodnicki öldürdükdən sonra intihar edib.
Hadisə Montgomery Township ərazisində, Wild Azalea Lane küçəsində yerləşən evdə baş verib. Polis oktyabrın 1-də ailədən xəbər almaq mümkün olmadığı barədə müraciətdən sonra ünvana gedib, lakin evdəkilərlə əlaqə yarada bilməyib.
Ertəsi gün evə daxil olan polis əməkdaşları Lora və Sloane Grodnicki ayrı-ayrı otaqlarda ölü tapıblar. David Grodnickin meyiti isə evin başqa hissəsində aşkarlanıb. Onun yanında odlu silah olub.
Məhkəmə-tibbi ekspertizasının nəticəsinə görə, Lora Grodnick və qızı Sloane baş nahiyəsindən güllə yarası alaraq öldürülüblər və onların ölümü qətl kimi qiymətləndirilib. David Grodnickin ölümünün isə intihar olduğu müəyyən edilib.
24 yaşlı Sloane Grodnick incəsənət sahəsində təhsil alır və Rhode Island School of Design-da magistratura təhsilini davam etdirirdi.
David Grodnick isə daşınmaz əmlak əməliyyatları sahəsində fəaliyyət göstərən sığorta şirkətində yüksək vəzifədə çalışırdı.
Somerset County Prokurorluğu hadisənin lokal xarakter daşıdığını və ictimaiyyət üçün əlavə təhlükə olmadığını bildirib. Araşdırma davam edir.

