Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, “Astara” gömrük postunun idxal nəzarəti xəttində İrandan Azərbaycana gələn yük avtomobilinə baxış keçirilib.
Avtomobildə gömrük nəzarətindən gizlədilən hər hansı predmet aşkarlanmasa da, sürücünün davranışları gömrük əməkdaşlarında şübhə yaradıb.
Bundan sonra sürücünün üzərində şəxsi yoxlama aparılıb. Onun belinə korset vasitəsilə bağlanmış 3 bağlamadan ümumilikdə 3 000 ədəd metadon həbi aşkarlanıb.
Bundan başqa, sürücünün gömrük postunun ərazisinə atdığı iki bağlamaya baxış zamanı ümumi təmiz çəkisi 2 kiloqram 950 qram olan kustar üsulla hazırlanmış heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

