Yəmənin husi hərəkatı Səudiyyə Ərəbistanının Nəcran şəhərində yerləşən “Saudi Aramco” şirkətinə məxsus obyektə pilotsuz uçuş aparatı ilə zərbə endirdiklərini açıqlayıb. Bu barədə husilərə bağlı SABA agentliyi məlumat yayıb.
“Yəmən Silahlı Qüvvələri Nəcrandakı “Saudi Aramco” obyektinə pilotsuz aparat vasitəsilə uğurlu hücum həyata keçirib”, – deyə hərəkatın nümayəndəsi bildirib.
Husilər əməliyyatın Səudiyyə Ərəbistanı aviasiyasının Yəmənin şimal-şərqində yerləşən Səədə vilayətinin hava məkanını pozmasına cavab olaraq həyata keçirildiyini iddia ediblər.
Hazırda Səudiyyə Ərəbistanı və “Saudi Aramco” tərəfindən hücumla bağlı rəsmi açıqlama verilməyib və obyektə dəyən ziyanın miqyası barədə məlumat yoxdur.

