Suriyada sentyabr ayı ərzində müxtəlif bölgələrdə yerləşən silah-sursat anbarlarında ard-arda baş verən partlayışlar ciddi narahatlıq yaradıb. Son 22 gün ərzində beş ayrı sursat anbarında qeydə alınan partlayışlar nəticəsində ümumilikdə 30 nəfər həyatını itirib.
Anadolu Agentliyinin məlumatına görə, hadisələr İdlib, Deyr əz-Zor, Hələb və Dəməşq bölgələrində baş verib. Partlayışların səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, təxribat ehtimalı da gündəmə gəlib.
İlk partlayış sentyabrın 1-də baş verib
İlk hadisə sentyabrın 1-də İdlibin Binniş qəsəbəsinin girişində qeydə alınıb. Sursatla yüklənmiş avtomobilin və ona bitişik saxlanc sahəsinin partlaması nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
Sentyabrın 9-da isə İdlibin şimalındakı Sarmada yaxınlığında müharibədən qalan partlayıcı maddələrin və sursatların toplandığı müvəqqəti anbarda güclü partlayış baş verib.
Suriya Müdafiə Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 14 nəfər həyatını itirib, 11 nəfər ağır yaralanıb.
Dəməşqdə sursat anbarı partlayıb
Sentyabrın 12-nə keçən gecə Dəməşqin şimal-şərqində yerləşən Dumeyr bölgəsində məhv edilmək üçün toplanmış yararsız və zədələnmiş sursatların saxlanıldığı anbarda partlayış qeydə alınıb.
Rəsmilər hadisə nəticəsində ölən və yaralananların olmadığını, maddi ziyanın qeydə alınmadığını bildiriblər.
Deyr əz-Zorda 11 hərbçi həlak olub
Dördüncü partlayış sentyabrın 18-də Suriyanın şərqində, Deyr əz-Zor bölgəsinin qərbində yerləşən Ayyaş qəsəbəsində baş verib.
Buradakı silah-sursat anbarında qeydə alınan partlayış nəticəsində 11 hərbçi həyatını itirib.
Son partlayış Hələbdə qeydə alınıb
Sentyabrın 21-də Hələbin cənubundakı Əl-İys qəsəbəsi yaxınlığında ordunun nəzarətində olan silah-sursat anbarında ard-arda güclü partlayışlar baş verib.
Hadisə nəticəsində 4 nəfərin yaralandığı bildirilib.
Partlayışların arxasında təxribat dayanır?
Suriyanın beş müxtəlif bölgəsində qısa müddət ərzində baş verən və ümumilikdə 30 nəfərin ölümünə səbəb olan partlayışların mənşəyi hələlik müəyyən edilməyib.
Dəməşq rəhbərliyi hadisələrlə bağlı araşdırmaları davam etdirir. Partlayışların qısa fasilələrlə baş verməsi mümkün təxribat ehtimalı ilə bağlı suallar doğursa da, bu versiyanı təsdiqləyən rəsmi məlumat yoxdur.

