İranın Hörmüz boğazında yerləşən Qeşm adası yaxınlığında güclü partlayış səsi eşidilib.
Mehr agentliyinin məlumatına görə, hadisə sentyabrın 23-də baş verib. Partlayış səsinin ada yaxınlığında, dəniz istiqamətindən gəldiyi bildirilir.
Məlumata əsasən, Qeşm adasının ərazisi birbaşa zərbəyə məruz qalmayıb. Hadisənin səbəbi və mümkün nəticələri barədə hələlik əlavə məlumat verilməyib.
Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İran neft tankerlərinə hücumlarına cavab olaraq İordaniyadakı Amerika hərbi bazasını hədəfə aldığını açıqlayıb.
SEPAH-ın məlumatına görə, Əl-Əzraq aviabazasında F-35, F-16 və F-15 qırıcılarının yerləşdirildiyi və texniki xidmət göstərildiyi obyektlərə zərbələr endirilib. İran tərəfi bazaya ciddi ziyan dəydiyini iddia edib.
Bundan əlavə, İranın ələ keçirdiyi ABŞ-a məxsus sualtı pilotsuz aparatı tədqiq edərək onun texnologiyasını təkrar istehsal etməyə hazırlaşdığı barədə məlumatlar yayılıb.
SEPAH komandanının müşaviri Məhəmməd Rza Nəqdi isə əvvəlki hava zərbələri nəticəsində dağıdılmış raket istehsalı müəssisələrinin bərpa edildiyini bildirib. Onun sözlərinə görə, istehsal obyektləri daha təhlükəsiz yerlərə köçürülüb və müasir avadanlıqlarla təchiz edilib.

