ABŞ Hərbi Dəniz Qüvvələrinin iki hərbçisi USS Abraham Lincoln aviadaşıyıcısında narkotik vasitələrin yayılmasında ittiham olunaraq saxlanılıb. İş üzrə təqsirləndirilən şəxslər ər-arvad Beyli Şramovski və Conni Pumaihealanidir. Bu barədə The New York Post yazıb.
Nəşrin məhkəmə sənədlərinə istinadən yaydığı məlumata görə, saxlanılan şəxslər 2022-ci ildən etibarən xidmət yoldaşlarına kokain, fentanil və oksikodon satdıqlarını etiraf ediblər.
İstintaq müəyyən edib ki, Şramovski 2023-cü ilin yanvarında fentanilin həddindən artıq dozası nəticəsində ölən hərbçinin ölümündə iştirak edib.
Bununla belə, ekipaj üzvünün ölümündən sonra da eyni mənbədən qadağan olunmuş maddələrin satışı davam etdirilib.
Hər iki təqsirləndirilən şəxs barəsində hökmün 11 dekabr 2026-cı ildə çıxarılması planlaşdırılır. Şramovskini 40 ilədək, həyat yoldaşını isə 20 ilədək həbs cəzası gözləyə bilər. Məhkəmə prosesi davam edir.

