Yalnız toyuq filesi və qarabaşaqdan ibarət pəhriz vitamin, mineral, lif və faydalı yağ çatışmazlığına səbəb ola bilər.
Endokrinoloq Anastasiya Altunina “Gazeta.Ru”ya açıqlamasında bildirib ki, bu cür qidalanma orqanizmi sinir sistemi, beyin və ürəyin fəaliyyəti üçün vacib olan omeqa-3 yağ turşuları ilə təmin etmir.
Həkimin sözlərinə görə, monodietaların əsas problemi qida müxtəlifliyinin çox az olmasıdır. Orqanizmə hər gün yalnız zülal, yağ və karbohidrat deyil, həm də vitaminlər, minerallar, lif və sağlam yağlar lazımdır.

Uzun müddət yağ çatışmazlığı yaranarsa, dəri və saçın vəziyyəti pisləşə, həmçinin A, D, E və K vitaminlərinin mənimsənilməsi pozula bilər.
Mütəxəssis qeyd edib ki, belə pəhrizdə tərəvəz, meyvə və giləmeyvə az olduğuna görə C vitamini, fol turşusu, kalium və antioksidantların qəbulu da azalır.

Qarabaşaqda olan lif miqdarının təkbaşına kifayət etməməsi isə bağırsaqların fəaliyyətini poza və mikrobiotanın müxtəlifliyini azalda bilər.

