Meyvələrin təzəsinin hər zaman daha faydalı olduğu düşünülsə də, əncir məsələsində vəziyyət fərqli ola bilər. Xüsusilə həzm sisteminin fəaliyyəti baxımından qurudulmuş əncir daha çox lif ehtiva edir.
Məlumata görə, təzə əncirin təxminən 80 faizi sudan ibarətdir. Qurudulma zamanı suyun azalması ilə qida maddələrinin konsentrasiyası yüksəlir. 100 qram təzə əncirdə təxminən 2,9 qram lif olduğu halda, qurudulmuş əncirdə bu göstərici 9,8 qrama çatır.
Qurudulmuş əncirin tərkibindəki həll olunan və həll olunmayan qida lifləri bağırsaqdakı faydalı bakteriyaları dəstəkləyir. Lif həmçinin nəcisin həcmini artırmağa, onu yumşaltmağa və bağırsaq hərəkətlərini stimullaşdırmağa kömək edə bilər. Buna görə də qəbizliyə meyilli şəxslər üçün qurudulmuş əncir təzəsindən daha təsirli ola bilər.
Qurudulmuş əncir mineral baxımından da daha konsentrasiyalıdır. 100 qramında təxminən 162 mq kalsium, 2,03 mq dəmir və 680 mq kalium olduğu göstərilir. Təzə əncirdə isə müvafiq olaraq 35 mq kalsium, 0,37 mq dəmir və 232 mq kalium var.

Lakin bunun digər tərəfi də var: 100 qram qurudulmuş əncir təxminən 249 kalori və 48 qrama yaxın şəkər ehtiva edir. Təzə əncirdə isə bu göstəricilər təxminən 74 kalori və 16 qram şəkərdir.
Buna görə qurudulmuş ənciri həddindən artıq yeməmək tövsiyə olunur. Xüsusilə şəkərli diabeti və ya karbohidrat mübadiləsi problemi, böyrək daşı riski, qıcıqlanmış bağırsaq sindromu və kəskin mədə-bağırsaq problemləri olan şəxslər miqdara diqqət etməlidirlər. Qan durulaşdırıcı preparatlar qəbul edənlərin də qidalanmada ciddi dəyişiklikləri həkimlə dəqiqləşdirməsi məqsədəuyğundur.

Qurudulmuş ənciri rasiona daxil edərkən gündə 2-3 ədədlə kifayətlənmək, onu acqarına deyil, yeməklə birlikdə və ya yeməkdən sonra qəbul etmək məsləhət görülür. Məhsul alarkən əlavə şəkər və ya şəkər siropu olmayan variantlara üstünlük vermək də vacibdir.

