Rejissor Zak Kreqgerin yeni “Ölümcül sakin” (Resident Evil) filmi nümayiş olunduğu ilk həftəsonunda ABŞ və Kanadada 60 milyon dollar gəlir əldə edərək franşizanın kassa rekordunu yeniləyib.
Denmedia.az xəbər verir ki , 3,7 min kinoteatr ekranında nümayiş etdirilən film 2002-ci ildən bəri çəkilmiş əvvəlki yeddi hissənin hamısını ilk həftəsonu gəlirlərinə görə geridə qoyub.
Baş rolu Ostin Abramsın canlandırdığı filmdə hadisələr Rakkun-Sitidə yoluxmuş varlıqlarla qarşılaşan tibbi kuryerin ətrafında cərəyan edir.
Film tənqidçilər tərəfindən də yüksək qiymətləndirilib. Onun Rotten Tomatoes platformasındakı reytinqi 95 faiz təşkil edir.
75 milyon dollarlıq büdcə ilə çəkilən film beynəlxalq bazarda əlavə 48,3 milyon dollar qazanıb. Beləliklə, ekran əsərinin dünya üzrə ilk həftəsonu kassa gəliri 108,3 milyon dollara çatıb.

