Türkiyədə 2011-ci ildə Silivri həbsxanasında həyatını itirən keçmiş Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaqda yeni detallar üzə çıxıb.
Araşdırma çərçivəsində həbs edilənlərin sayı 7-yə çatıb, məşhur “Kurtlar Vadisi Pusu” serialının aktyoru Emin Olcay isə prokurorluqda ifadə verib.
Türkiyə mətbuatının məlumatına görə, Silivri Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində yeni şəxslərin ifadələri alınır.
İstintaq qəsdən adamöldürmə, cinayət törətmək məqsədilə təşkilat yaratma, ona rəhbərlik etmə və üzv olma, həmçinin Türkiyənin Dövlət Kəşfiyyat Xidmətləri və Milli Kəşfiyyat Təşkilatı haqqında qanununun pozulması ilə bağlı ittihamlar əsasında aparılır.
Dörd ayrı əməliyyatdan sonra məhkəməyə göndərilən şübhəlilərdən daha birinin həbs edilməsi ilə iş üzrə həbs olunanların sayı 7-yə yüksəlib.
İstintaq orqanları Kozinoğlunun ölümünün arxasında FETÖ ilə əlaqənin olub-olmadığını araşdırırlar.
Bununla yanaşı, “Kurtlar Vadisi Pusu” serialında Kozinoğlunun hədəf göstərilməsi və ya onunla bağlı məxfi məlumatların sızdırılması ehtimalı da istintaqın diqqət mərkəzindədir.
Məşhur serialda “Ömər Baba” obrazını canlandıran aktyor Emin Olcay da məlumatına müraciət edilən şəxs qismində prokurorluğa çağırılıb və ifadə verib.
Aktyorun ifadəsinin alınmasına səbəb onun daha əvvəl serialın prodüserinin dəyişməsindən sonra məzmununda müəyyən dəyişikliklərin baş verdiyi və ssenaridəki bəzi məlumatların kənar mənbələrdən əldə edildiyi barədə səsləndirdiyi fikirlər olub.

Məhkəmə binasının qarşısında jurnalistlərin suallarını cavablandıran Emin Olcay bildirib:
“Prokurorun verəcəyi suallar çərçivəsində ifadəmizi verəcəyik”.
Ankarada FETÖ ilə bağlı cinayət işi üzrə aldığı cəza səbəbindən həbsxanada saxlanılan Enver Altaylı da ifadəsinin alınması üçün İstanbulun Silivri Ədliyyəsinə gətirilib.
Məlumata görə, əvvəllər Altaylının kompüterində aparılan araşdırmalar zamanı aşkar edilən sənəd və məktublarda Kaşif Kozinoğlunun MİT-in rəhbəri və ya idarə rəisi vəzifəsinə təyin olunması ehtimalı ilə bağlı qiymətləndirmələrin yer aldığı müəyyən edilib.
Kozinoğlunun ölümünün səbəbləri və hadisə ilə bağlı mümkün əlaqələr araşdırılır.

