Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid mayor Elşad Həsənovun oğlunun doğum günündə iştirak edib.
Bu barədə “Den.az”-a şəhidin ailə üzvləri məlumat verib.

Belə ki,ailə şəhidin oğlu Səid Həsənovun ad gününü qeyd edərkən xoş bir sürprizlə qarşılaşıblar. Rayon rəhbəri Abdin Fərzəliyev , hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə şəhid övladının ad gününə qatılıb.
Abdin Fərzəliyev doğum günündə balaca Səidə ən xoş arzularını çatdırıb. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən bütün şəhidlərimizə rəhmət diləyib.
Şəhidin övladı ad günü tortunu Abdin Fərzəliyevlə birgə kəsib.Xatirə şəkli çəkdirilib.
Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun mayoru olan Elşad Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elşad Həsənov 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. Uzun müddət nəşi tapıla bilməyib. 16 dekabr 2020-ci ildə nəşi tapıldığı ərazidən gətirilib və II Şəhidlər Xiyabanında torpağa tapşırılib.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Elşad Həsənov ölümündən sonra "Vətən uğrunda" ,"Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.