İsrail hakimiyyəti İudeya və Samariyada, yəni İordan çayının qərb sahilində terror aktları törədən şəxslərə ölüm hökmünün tətbiqinə rəsmi imkan yaradıb.
Təhlükəsizlik direktivlərinə düzəlişi İsrailin müdafiə naziri İsrael Katsın göstərişi ilə ÇAXAL-ın Mərkəzi Komandanlığının rəhbəri, general-mayor Avi Blut imzalayıb.
Sənəd hərbi məhkəmələri insan itkisi ilə nəticələnən hücumlara görə ölüm hökmünü əsas cəza kimi təyin etməyə məcbur edir. Ömürlük həbs cəzası isə yalnız “xüsusi hallar” olduqda mümkün sayılır.
Qanun İsrailin mövcudluğunu inkar etmək məqsədilə terror aktı törədən şəxslərə şamil olunur. Onun tətbiqi 7 oktyabr qətliamında iştirak etmiş HƏMAS-ın “Nuxba” bölməsinin silahlılarına aid edilmir, çünki onlarla bağlı ayrıca qanunvericilik qüvvədədir.
İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, terrorçular “ən ağır bədəli ödəyəcəklər”.

