ABŞ kəşfiyyat xidmətləri İsrailin İranın ABŞ Prezidenti Donald Trampa qarşı mümkün sui-qəsd planları barədə xəbərdarlıqlarını müstəqil şəkildə təsdiqləyə bilməyib.
Reuters hazırkı ABŞ rəsmisi və administrasiyanın iki keçmiş əməkdaşına istinadən yazır ki, İsrail tərəfinin bu cür xəbərdarlıqları son bir il ərzində Vaşinqtona çatdırılıb.
Məlumatlarda Trampın snayper tüfəngi ilə vurulması, kütləvi tədbirdə ona bıçaqla hücum edilməsi üçün şəxsin cəlb olunması, eləcə də Türkiyədə keçirilən NATO sammiti ərəfəsində prezidentin uçuşu zamanı daşınan raket kompleksindən istifadə olunması ehtimalı yer alıb.
Reuters-in mənbələrinin sözlərinə görə, ilk belə məlumatlar 2025-ci ilin iyununda baş verən 12 günlük müharibə ərəfəsində daxil olmağa başlayıb. ABŞ-nin 2026-cı ilin fevralında İrana qarşı hərbi əməliyyata başlamaq qərarı öncəsi isə bu xəbərdarlıqların sayı artıb.
Müstəqil təsdiq olmamasına baxmayaraq, ABŞ hakimiyyəti təhlükəsizlik tədbirlərini gücləndirib. Trampın Türkiyəyə səfəri zamanı o, gizli şəkildə “Air Force One” təyyarəsindən başqa təyyarəyə keçirilib.
The Wall Street Journal isə ABŞ-nin İran tərəfindən Trampın həyatına təhlükə barədə məlumatları şişirdilmiş hesab etdiyini yazıb. Bununla belə, Yaxın Şərqdə döyüşlərin yenidən başlaması fonunda həmin məlumatlar prezidentin daha təhlükəsiz təyyarəyə keçirilməsi üçün kifayət edib.

