Tariximizin qızıl kitabı, 44 günlük Vətən müharibəsi ilə yeni bir səhifə qazandı. Bu səhifə təkcə dövlətimizin salnaməsinə deyil, hər bir azərbaycanlının ürəyinə işıq kimi yazıldı. Hər il 8 Noyabrda keçirilən tədbirlər isə həmin işığı yenidən alovlandırır, qürur duyğularını gücləndirir.
DenMedia.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Novxanı kənd 28 nömrəli körpələr evi-uşaq bağçasında Zəfər Gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib. Tədbirdə bağçanın kollektivi və balaca fidanlar bir araya gələrək həm qürur, həm minnətdarlıq dolu anlar yaşayıb.
Tədbirin aparıcısı, bağçanın tərbiyəçi-müəllimi Nahidə Quliyeva çıxışı zamanı Zəfər tarixinin dərin mənasına toxunaraq bildirdi ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyinin, iradəsinin və yenilməz ruhunun ən parlaq nümunəsidir. Onun sözlərinə görə, müharibə dövründə xalqımızın həmrəyliyi, ordumuzun gücü, dövlətimizin qətiyyəti düşmənə sarsıdıcı zərbə vurdu və tarixi Qələbəni təmin etdi. Bu qələbə hərbi güclə yanaşı, diplomatik və siyasi müstəvidə də Azərbaycanın möhkəmlənməsinin göstəricisidir.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı. Uşaqların kiçik səsləri, böyük ürəkləri ilə oxuduqları himn zalda xüsusi bir ruh, qürur abu-havası yaratdı. Ardınca balaca fidanlar vətənpərvərlik mövzusunda şeirlər, səhnəciklər və kiçik çıxışlarla tədbirə rəng qatdılar. Onların hər sözündə torpağa sevgi, qəhrəmanlarımıza hörmət hiss olunurdu.
Bağçanın müdiri Şahnaz Əliyeva çıxışı zamanı Zəfər Gününün tarixi əhəmiyyətindən danışaraq vurğuladı ki, uşaqlarda vətənpərvərlik ruhunun formalaşdırılması gələcəyimiz üçün ən vacib addımlardan biridir. Şahnaz Əliyeva bildirdi ki, Vətəni sevmək, onu qorumaq duyğusu insanın ən dəyərli keyfiyyətlərindəndir və bu hisslərin uşaqlara kiçik yaşlardan aşılanması sağlam, güclü, ruhlu bir gələcək nəsil yetişdirir.
Böyük ilham verən bu tədbir bir daha göstərdi ki, Zəfərin möhtəşəm ruhu təkcə tarixdə deyil, gələcəyin balaca ürəklərində də yaşayır.
