İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ı ölkənin dinc sakinlərinə qarşı hər gün yeni cinayətlər törətməkdə ittiham edib və Vaşinqtonun bunun əvəzini ödəyəcəyini bildirib.
O, “X” sosial şəbəkəsində yazıb ki, Qeşm adasında yaşayış evlərinə edilən hücum Minab və Lamerd şəhərlərində baş verənlərin davamıdır. Qalibafın sözlərinə görə, ABŞ döyüş meydanında aldığı zərbələrin əvəzini günahsız insanların qanını tökməklə çıxmağa çalışır.
İranın dövlət mediasının məlumatına əsasən, cümə axşamına keçən gecə Abadan, Kazerun, Buşehr, Bəndər-Abbas şəhərləri, eləcə də Əbu-Musa, Kiş və Qeşm adaları hava zərbələrinə məruz qalıb.
Yayılan xəbərlərə görə, Qeşmdə üç nəfər həyatını itirib.
İran mediası həmçinin münaqişənin ilk günündə Minab şəhərindəki ibtidai məktəbə endirilən ABŞ–İsrail aviazərbəsi nəticəsində azı 170 nəfərin öldüyünü bildirir.
Həmin gün Lamerd şəhərindəki idman zalının da vurulduğu və ən azı 24 nəfərin həyatını itirdiyi iddia olunur. Bu rəqəmlər hazırda İranın rəsmi mənbələrinin açıqlamalarına əsaslanır.

