ABŞ və İran atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər.
RİA Novosti-nin Pakistan hərbi mənbələrinə və İranın təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən yaydığı məlumata görə, razılaşma Pakistan və Yaxın Şərq ölkələrinin vasitəçiliyi ilə əldə olunub.
Mənbələr bildiriblər ki, atəşkəs razılaşmasının şərtlərindən biri Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin təmin edilməsidir.
“Atəşkəs razılaşdırılıb və o, Hörmüz boğazında sərbəst naviqasiyanı da əhatə edir”, – deyə mənbələr agentliyə bildiriblər.
Tərəflərin razılaşmanı yaxın günlərdə rəsmən elan edəcəyi gözlənilir. Bundan sonra danışıqların və texniki görüşlərin keçirilməsi nəzərdə tutulur.
Omanın xarici işlər naziri isə gəmilərin hərəkəti üçün yaxın zamanda müvəqqəti dəhlizin yaradılacağına, daha sonra isə daimi həll yolunun tapılacağına ümid etdiyini bildirib.
Qeyd olunur ki, iyunda sülh memorandumunun əldə olunması istiqamətində əvvəlki cəhd yeni eskalasiya dalğası fonunda nəticəsiz qalmışdı. Son həftələrdə vasitəçi ölkələrin iştirakı ilə Vaşinqton və Tehran arasında dialoqun bərpası üçün danışıqlar aparılırdı.

