İspaniyanın Seuta şəhərində yaşayan 62 yaşlı Beatriz Ferron səhər yuxudan oyanarkən yatağında tanımadığı yarıçılpaq kişi görərək şoka düşüb.
Hadisə Paseo de las Palmeras ərazisində baş verib. Məlumata görə, naməlum şəxs beşinci mərtəbədə yerləşən mənzilin balkonundan içəri daxil olub, daha sonra yataq otağına keçərək yalnız alt paltarında qadının yatağına uzanıb.
Ferron bildirib ki, ilk anda yanında uzanan şəxsi həyat yoldaşı hesab edib. Lakin üzünü çevirdikdə tanımadığı kişi ilə göz-gözə gəlib və qışqırmağa başlayıb.
Səsə səhər yeməyi yeyən həyat yoldaşı və oğlu otağa qaçıblar. Bundan sonra şübhəli gəldiyi balkondan qaçaraq yaxınlıqdakı tərk edilmiş binanın damında gizlənib.
Polisin operativ müdaxiləsi nəticəsində şəxs qısa müddətdə saxlanılıb.
Hadisədən sonra qadın özünü təhlükəsiz hiss etmədiyini bildirib:
“Evimə zorla girib yatağıma qədər gələn bu şəxsə görə özümü tamamilə hücuma məruz qalmış kimi hiss edirəm”.
Şübhəli barəsində oğurluq və mənzil toxunulmazlığını pozma ittihamları irəli sürüləcəyi və onun məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

