ABŞ-da 3 yaşlı Briella Holms taxtadan hazırlanmış oyuncaq mətbəx dəstində ilişib qalaraq həyatını itirib.
PEOPLE nəşrinin məlumatına görə, uşaq konstruksiyanın içinə düşən oyuncaqları götürmək istəyərkən başını dəlikdən keçirib və geri çıxa bilməyib.
Hadisə zamanı dayənin mağazaya getdiyi, uşaqlara isə onun həyat yoldaşının nəzarət etdiyi bildirilir. Kişi Briellanı huşsuz vəziyyətdə aşkar edərək dərhal reanimasiya tədbirlərinə başlayıb.
Qız kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin 4 gün sonra həkimlər oksigen çatışmazlığı səbəbindən beynində geri dönməz zədələnmə yarandığını müəyyən ediblər.
Məhkəmə-tibbi ekspertiza hadisənin ehtimal olunan səbəbi kimi pozisional asfiksiyanı – bədənin vəziyyəti səbəbindən nəfəsalmanın çətinləşməsini göstərib.
Polis hadisəni bədbəxt hadisə kimi qiymətləndirib. Hazırda heç kimə qarşı ittiham irəli sürülməyib.

