Girne sahillərində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Bu barədə Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel məlumat verib. Sentyabrın 29-da axtarışlar zamanı daha bir nəfərin meyiti aşkarlanıb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT ekspertizasına başlanılıb. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bundan əvvəl aşkarlanan iki nəfərin də kimliyi DNT analizi vasitəsilə müəyyən edilib. Onlardan birinin 5 yaşlı uşaq olduğu bildirilib.
“FİLOJET” sürətli sərnişin katamaranı avqustun 30-da Girne limanından Türkiyənin Taşucu limanına yola düşüb. Gəmidə 259 sərnişin və 8 ekipaj üzvü olmaqla ümumilikdə 267 nəfər olub.
Limandan ayrıldıqdan qısa müddət sonra gəmi su almağa başlayıb və geri qayıtmağa cəhd edərkən çevrilərək batıb. Qəza nəticəsində 239 nəfər sağ xilas edilib. Gəminin qalıqları 554 metr dərinlikdə aşkarlanıb.

